REGİONLAR


Dövlət bayrağımız xalqımızın kimliyini, azadlıq mücadiləsini, təfəkkür və düşüncə tərzini əks etdirir

Sumqayıt, 8 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə birgə tədbir keçiriblər.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Sumqayıt şəhərində yerləşən Bayraq Muzeyini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisində müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın dalğalandığını bildirib. Qeyd edib ki, Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə gedən proseslərə güclü təkan verdi. O, bayrağımızın yaranma tarixi və əhəmiyyətindən danışaraq, Dövlət Bayrağı Gününün təsis edilməsini mühüm hadisə adlandırıb. “Dövlət bayrağımız həm də xalqımızın kimliyini, azadlıq mücadiləsini, təfəkkür və düşüncə tərzini, mənəvi dünyasını əks etdirir. Artıq üçrəngli bayrağımız ölkəmizin hər şəhərində, rayonunda qürurla dalğalanır, bütün dünyaya müstəqil dövlətimizin varlığını bəyan edir”, - deyə rayon icra hakimiyyəti başçısının müavini bildirib.

“Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uzaqgörən siyasət bizi öz doğma torpaqlarımıza qaytaracaq”, - deyən natiq dövlət bayrağımızın Şuşada, Xankəndidə, Qubadlıda və digər işğal olunmuş rayonlarımızda dalğalanacağına əminliyini ifadə edib.

Əməkdar müəllim Ədalət Əsədov çıxışında bildirib ki, Azərbaycanın dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində, o cümlədən beynəlxalq təşkilatlarda dalğalanır, mühüm tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir.

Tədbirdə məktəblilərin ifasında Ulu Öndərə, dövlət bayrağına və Vətənə həsr olunan şeirlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.