İQTİSADİYYAT
Dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi neft sektorunun, 47,5 faizi qeyri-neft sektorunun payına düşür

Bakı, 30 may, AZƏRTAC
Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5,5 milyon manat və ya 9,8 faiz çoxdur.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17 milyard 739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16 milyard 39,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 1 milyard 442,7 milyon manat və ya 8,9 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən 2 milyard 410,1 milyon manat (15,7 faiz), qeyri-neft sektoru üzrə isə 1 milyard 562,8 milyon manat və ya 10,8 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən 689,8 milyon manat (4,5 faiz) artırılır.
Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 0,5 faiz-bənd artaraq 47,5 faiz təşkil edəcək.