İQTİSADİYYAT
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərraca 183 əmlak çıxarılıb
Bakı, 9 may, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyunun 6-da növbəti hərrac keçirəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq hərraca ümumilikdə 183 dövlət əmlakı çıxarılıb. Onlardan 21-i səhmdar cəmiyyət, 63-ü kiçik dövlət müəssisəsi və obyekti, 95-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4 isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Zaqatala, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Salyan, Tərtər, Daşkəsən və digər rayonlarda yerləşir. Onlar əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında ilkin start qiyməti ən yüksək olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir. Onun səhmlərinin 30 faizi 127 min 552 manata təklif olunur. “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyəti səhmlərinin start qiyməti isə 125 min 992 manatdır.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Şəmkir, İmişli, Masallı, Xaçmaz, Gəncə, Cəlilabad və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların bəzilərinin ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 2926 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaqdır. Torpaq sahəsi 6047 kvadratmetr, ümumi faydalı sahəsi 39 kvadratmetr olan bu əmlak 216 min manata təklif edilir. Qusar kərpic sexi 210 min manat, Sumqayıtdakı “Laçın” restoranı 205 min manat olmaqla, qiyməti ilə seçilənlər sırasındadır.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 84-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərindədir.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi iki sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olaraq, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Eyni zamanda, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştiraka dəvət edir.