İQTİSADİYYAT
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərraclar elan edilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı oktyabrın 25-də keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərracda ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan dövlət əmlaklarının 26-sı nəzarət səhm paketinin 30-45 faizi hərraca çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Beyləqan, Ağdaş, Bərdə, İsmayıllı, Zaqatala, Goranboy, Cəlilabad, İmişli, Qax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Bu müəssisələr sənaye, xidmət, kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, emal və digər sahələrlə bağlı olan müəssisələrdir.
Oktyabrın 25-də keçiriləcək hərraca 36 dövlət əmlakı da çıxarılıb ki, bunun 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 28-i isə kiçik dövlət müəssisə və obyektləridir. Bu obyektlər sırasında paytaxtda, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri və Gədəbəy, Xaçmaz, Şəmkir rayonlarında yerləşən xidmət, ictimai iaşə və ticarət müəssisələri var.
Daşınmaz dövlət əmlakları ilə yanaşı, 22 nəqliyyat vasitəsi də hərraca çıxarılıb. Bu nəqliyyat vasitələrinə müxtəlif qurumların balansında olan lakin istismar edilməyən müxtəlif xarici markalara aid avtomobillər daxildir.
Qeyd edək ki, təşkil olunan bu açıq hərraclarda istənilən şəxs sifariş verərək iştirakçı statusu qazana və əmlak sahibi ola bilər. İştirak üçün komitənin elektron xidmətlər portalı vasitəsilə elektron qaydada və ya Hərracların Təşkili üzrə Auksion Mərkəzində sifariş vermək və əmlakın satış qiymətinin 10 faizi məbləğində behi banka ödəyə bilər.
Yeni hərraca çıxarılmış daşınmaz əmlaklar barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən foto materiallar, yerləşmə mövqelərini göstərən xəritələr (google map) Özəlləşdirmə portalında (privatization.az) saytında yerləşdirilir. Hərraca çıxarılan hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla linkdə tanış olmaq olar. Hərracda iştirak etmək istəyən vətəndaş kiçik dövlət müəssisə və obyektləri barədə ətraflı məlumatı linkdən ala bilər.
Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.
Hərraclar açıq və şəffaf şəraitdə keçirilir, media nümayəndələri və ya istənilən vətəndaş iştirak edərək hərrac prosesi ilə əyani tanış ola bilər. ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.