REGİONLAR


Dövlət-gənclər siyasəti hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açır

Xırdalan, 2 fevral, Ətrabə Rzayeva, AZƏRTAC 

Abşeron rayon Heydər Əliyev Mərkəzində 2 fevral - Gənclər Gününə həsr olunmuş “Gənclər bizim sabahımızdır” adlı elmi- praktiki konfrans keçirilib. Tədbir “Qarabağ qaziləri” amputant futbol federasiyasının, “Həmvətənlərə dəstək” İctimai Birliyinin təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın dövlət himni səsləndirilib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb. Natiq bu gün öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirib. O, bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu xüsusi vurğulayıb.

Rayon gənclərinin son illərdə qazandığı uğurlardan danışan F.Cəbrayılov gənclərə Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzulayıb.

“Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrini hər zaman yüksək həvəslə yerinə yetirdiklərini və bu yolda mətin addımlarla irəlilədiklərini diqqətə çatdırıb. Azərbaycan torpaqlarının 20 faizinin erməni qəsbkarları tərəfindən işğal olunduğunu və müharibə nəticəsində minlərlə soydaşımızın öz həyatlarını və sağlamlıqlarını itirdiklərini qeyd edən R.Quliyev vurğulayıb ki, Azərbaycan dövləti Qarabağ şəhidlərinin ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərir, onların sosial problemlərinin həllinə çalışır, sağlamlığını itirmiş müharibə əlillərinin cəmiyyətə inteqrasiyası istiqamətində əməli addımlar atır.

“Həmvətənlərə dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov qeyd edib ki, görüşün tədbirin keçirilməsində məqsəd qazilərin müharibə zamanı keçdiyi həyat yolunu, onların yaşadığı anları, müharibə ilə bağlı xatirələri öz dillərindən gənclərə çatdırmaqdır.

Daha sonra çıxış edənlər - ilahiyyatçı Hacı Şahin Həsənli, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov, Qarabağ qazisi İslam Əzimov, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Elnarə Həsənova Gənclər Gününün MDB məkanında ilk dəfə ölkəmizdə qeyd olunduğunu bildirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət-gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını vurğulayıblar.

Sonra Azərbaycan gəncliyindən bəhs edən film nümayiş olunub.

Konfransın sonunda bayrağımız səhnəyə gətirilib, “Qarabağ qaziləri” amputant futbol federasiyası adından Azərbaycan Respublikası Prezidentinə müraciət olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.