CƏMİYYƏT
Dövlət hesabına alınan peyvəndi təyinatı üzrə istifadə etməyən tibb işçiləri məsuliyyətə cəlb olunub
Bakı, 24 aprel, AZƏRTAC
Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində tibb bacısının vaksinasiya prosesi zamanı vətəndaşa peyvəndi vurma görüntüsü yaratması, əslində isə peyvəndi vurmayaraq israf etməsi ilə bağlı videogörüntülər yayılıb.
Həmin faktla bağlı İcbari Tibbi Siğortadan daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma zamanı aprelin 21-də Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVID-19 pandemiyası əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən 14 nömrəli Bakı Şəhər Xəstəxanasının Xəzər rayon dairəsinin tibb bacıları Kərimova Təbəssüm Hümmət qızı və Məmmədyarova Südabə Əhmədşah qızı tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyənləşdirilib.
Belə ki, peyvəndlənmə üçün müraciət etmiş şəxs - Gözəlov Samir Arif oğlunun qanunsuz təklifi əsasında tibb bacısı tərəfindən peyvəndin şprisə doldurulmaqla vurma görüntüsü formalaşdırılıb. Həmin şəxs peyvəndlənmiş kimi qeydə alınıb və dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə olunmayaraq israf edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələri ilə inzibati xəta haqqında icraatlar başlanılaraq, aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə Samir Gözəlova 30 gün müddətinə inzibati həbs, Südabə Məmmədyarovaya 200 saat ictimai iş, Təbəssüm Kərimovaya isə 400 manat məbləğində cərimə tənbehləri tətbiq edilib.