İQTİSADİYYAT
Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 9 milyard 98,9 milyon manat sərf etmişlər
Bakı, 22 yanvar (AZƏRTAC). Ötən il ölkənin iqtisadi və sosial inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyard 338,5 milyon manat vəsait yönəldilmişdir. Bunun 61 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 18 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 17,5 faiz artmışdır.
Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 9 milyard 98,9 milyon manat, qeyri-dövlət müəssisələri isə 6 milyard 239,6 milyon manat vəsait sərf etmişlər.
Məhsul istehsalı obyektlərinin inşasında 6 milyard 655,2 milyon manatlıq, xidmət sahələri üzrə obyektlərin tikintisində 8 milyard 683,3 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.