SİYASƏT
Dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Bakıdakı 1 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan “Dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, Azərbaycanın Milli qəhrəmanları iştirak ediblər.
Məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etmək məqsədilə təşkil edilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva dövlət müstəqilliyimizin bərpasından sonrakı 25 ildə əldə olunan nailiyyətlərdən, təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar və onların nəticələrindən danışıb.
Qeyd olunub ki, 2013-cü ildə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tətbiqi və bundan irəli gələn digər məsələlərin həlli təhsil sahəsinə göstərilən diqqətin parlaq nümunəsidir.
Azərbaycanın inkişaf strategiyasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan M.Vəliyeva bu yolun dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. BŞTİ-nin müdiri Azərbaycanın hərtərəfli inkişafında, həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mühüm xidmətləri olduğunu nəzərə çatdırıb.
Tədbirdə paytaxtın məktəbdənkənar təhsil müəssisələri və ümumi təhsil məktəblərinin bədii özfəaliyyət kollektivlərinin ifasında Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirilib, rəqslər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.