CƏMİYYƏT
Dövlət müstəqilliyimizin qorunub saxlanmasında Ümummilli Liderin misilsiz xidmətləri olub
Bakı, 14 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. O, Ulu Öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Nazir Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Ümummilli Liderin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Nüfuzlu dövlət xadiminin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb.
Sonda nazirliyin işçilərinin peşə bayramı ilə əlaqədar Prezident İlham Əliyevin 22 may 2018-ci il tarixli Sərəncamı ilə təltif olunan əməkdaşlara mükafat, ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən işçilərə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəxri fərmanı təqdim edilib.