MƏDƏNİYYƏT


Dövlət müstəqilliyimizin yaşıdı olan “Azərbaycan” qəzeti 100 yaşını qeyd edir

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından biri, dövlət müstəqilliyimizin yaşıdı olan “Azərbaycan” qəzetinin 100 yaşı tamam olur. Bu qəzet xalqımızın milli oyanış prosesində, habelə dövlət və dövlətçilik ideyalarının formalaşmasında böyük və əvəzolunmaz rol oynayıb. 1918-ci il sentyabrın 15-də ilk sayı işıq üzü görən “Azərbaycan” qəzeti “Əkinçi”dən aldığı bayrağı şərəflə daşıyıb.

“Azərbaycan” qəzetinin işıq üzü görməsi Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etdiyi günə təsadüf etmişdi. Nuru paşanın müvafiq teleqramı ilə açılan qəzetin ilk sayı bu tarixi hadisəyə həsr olunmuşdu.

İlk sayı Gəncədə işıq üzü görən qəzetin redaksiyası Bulatov küçəsindəki 26 saylı evdə yerləşmiş, buradakı sonuncu - dördüncü sayı sentyabrın 25-də işıq üzü görmüşdü. Sonradan nəşrini Bakıda davam etdirən “Azərbaycan” qəzetinin, ümumilikdə, Azərbaycan dilində 443, rus dilində isə 438 sayı nəşr olunmuşdu. Qəzetə müxtəlif vaxtlarda Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Xəlil İbrahim və digər görkəmli ziyalılar redaktorluq etmişdi.

“Azərbaycan” qəzetinin keçdiyi yol göstərir ki, o, azərbaycançılıq məfkurəsinin, istiqlal idealının qəzeti idi. Onu Azərbaycan Xalq Cümhuriyyətinin mətbu salnaməsi də adlandırmaq olar. Qəzetin Gəncə və Bakı nəşrlərində Xalq Cümhuriyyəti hökumətinin həyatında baş vermiş bütün hadisələr və proseslər öz dolğun əksini tapmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsi, milli parlamentin fəaliyyəti, Bakı Dövlət Universitetinin yaradılması və digər tarixi hadisələr bu qəzetin səhifələrində obyektiv işıqlandırılmışdı.

Cümhuriyyətin süqutu və bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə müstəqilliyimizə son qoyuldu, o cümlədən “Azərbaycan” qəzetinin nəşri də dayandırıldı.

Nəhayət, 1990-cı ildən sonra Azərbaycanda müstəqil dövlətçilik uğrunda mübarizənin dönməz xarakter alması yeni tipli dövlət qəzetinin yaranması zərurətini meydana çıxardı. Həmin illərdə Qarabağa Xalq Yardımı Komitəsinin orqanı qismində "Azərbaycan” adlı qəzet nəşr olunduğu üçün yeni dövrün dövlət qəzeti bir müddət "Həyat” adı ilə nəşr edildi. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikasının parlament orqanına öz tarixi “Azərbaycan” adı qaytarıldı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra "Azərbaycan” qəzeti əsl rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərməyə başladı. Bu dövrdən etibarən müstəqil Azərbaycan mövzusu və azərbaycançılıq qəzetin əsas qayəsinə çevrildi.

"Azərbaycan” qəzeti bu gün ölkəmizin siyasi həyatında parlamentarizm düşüncəsinin daha da aydınlaşdırılmasına və möhkəmləndirilməsinə öz töhfəsini verməkdədir. Prezident İlham Əliyev qəzetin yubileyi ərəfəsində bu mətbu orqanın bir qrup əməkdaşını fəxri adlar, orden və medallarla təltif edib.

Dövlətimizin başçısının yubiley münasibətilə qəzetin kollektivinə ünvanlandığı təbrik məktubunda deyilir: “Müstəqil dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verən “Azərbaycan” qəzeti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Cəmi iki il işıq üzü görmüş və birinci respublikanın süqutu ilə fəaliyyətini dayandırmış qəzet nəşr olunduğu qısa dövr ərzində görkəmli ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, müstəqillik ideallarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynamışdır”.

Məktubda qeyd olunur ki, XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa olunmuş “Azərbaycan” qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilib. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edərək ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.

“Azərbaycan” qəzetinin 100 illiyi, eyni zamanda, ölkə mətbuatının bayramıdır. AZƏRTAC da bu bayram sevincinə qoşulur, qəzetin kollektivini və oxucularını təbrik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.