CƏMİYYƏT
Dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü Azərbaycan Hərb Tarixi Muzeyində qeyd olunub
Bakı, 17 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yürütdüyü siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 17-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
“Müstəqillik illərində ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində fəaliyyət” mövzusunda məruzə ilə çıxış edən Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra respublikamız uzun müddət SSRİ-nin tərkibində olsa da, xalqımız həmişə müstəqillik arzusu ilə yaşayıb. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk vaxtlarından başlayaraq, həmişə ölkəmizin dövlət müstəqilliyini bərpa edəcəyinə inanıb və uzaqgörənliklə bu istiqamətdə mühüm tədbirlər görüb. Ötən əsrin 70-ci illərində dahi şəxsiyyətin yaratdığı indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey olmasaydı, dövlət müstəqilliyimizin qarantı olan bugünkü güclü Silahlı Qüvvələrimiz haqqında danışmaq mümkün olmazdı. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atılan ən böyük addım 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk Konstitusiyamızın qəbul edilməsi oldu.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
Sonra Dövlət Müstəqilliyi Gününə həsr olunan qısametrajlı sənədli film nümayiş etdirilib.
Diqqətə çatdırılıb ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinə baxmayaraq, həmin tarixi günə qovuşmağımızın təməlində məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Heydər Əliyev deyirdi ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir və müstəqilliyimiz daimidir, sarsılmazdır, əbədidir. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən müxtəlif eksponatlar muzeyə təqdim olunub.