REGİONLAR
Dövlət orqanlarında kargüzarlığın düzgün təşkili mühüm əhəmiyyət kəsb edir
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Kargüzarlıq sisteminin qurulması dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə və idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə səbəb olur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər komissiya tərəfindən “Naxçıvan Muxtar Respublikası rayon (şəhər) icra hakimiyyətlərinin aparatlarında sənədlərlə işin aparılması və vətəndaşların müraciətlərinə baxılması qaydaları” mövzusunda keçirilən seminarda səsləndirilib.
Seminarda muxtar respublikanın rayon (şəhər) icra hakimiyyəti orqanlarının sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdirləri və kargüzarlıq işi üzrə məsul əməkdaşlarından ibarət 20 dövlət qulluqçusu iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli seminarda çıxış edərək bildirib ki, kargüzarlıq dövlət orqanlarının fəaliyyətinin güzgüsüdür. Bu baxımdan dövlət orqanlarında kargüzarlığın düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Lakin bir sıra hallarda sənədlərin hazırlanmasında nöqsanlar müşahidə olunur. Bugünkü seminarın məqsədi kargüzarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.
Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının ümumi şöbəsinin müdiri İlkin Abdullayev “Dövlət orqanlarının kargüzarlıq xidməti əməkdaşlarının qarşısında duran vəzifələr” mövzusunda çıxış edib. Qeyd olunub ki, cari ilin oktyabr ayında kargüzarlığın aparılmasına nəzarət məqsədi ilə muxtar respublikanın rayon (şəhər) icra hakimiyyəti orqanlarının kargüzarlıq xidmətlərində sənədləşmə qaydalarına baxış keçirilib və bir sıra nöqsanlar aşkarlanıb. Qeydiyyat jurnallarının və qeydiyyat-nəzarət vərəqələrinin doldurulmasında, kartotekalardan düzgün istifadə edilməsində yol verilən nöqsanlar üzə çıxarılıb. Yoxlamalar zamanı təlimatın tələblərinə riayət edilməsinin zəruriliyi diqqətə çatdırılıb və metodik kömək göstərilib.
Sonra komissiyanın mühasibat və ümumi işlər sektorunun müdiri Türkan Gülməmmədli slaydlar vasitəsilə dövlət orqanlarında kargüzarlığın aparılması işi, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu və arxivə verilməsi, habelə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.