Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir
AzerTAg.az

Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da 13 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 25-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 16-sı B növünə (inzibati icraçı) aiddir.
Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, rəhbərin müavini - sədrin müavini vəzifəsidir.
Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyində 7, İqtisadiyyat Nazirliyində 6, Maliyyə Nazirliyində 6, Energetika Nazirliyində 6, Diasporla İş üzrə Dövlət Komitəsində 4, Hesablama Palatasında 3, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Əqli Mülkiyyət Agentliyində 2, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1, Bakı Kommersiya Məhkəməsində 1, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində 1, Sumqayıt Şəhər Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıda qeyd olunan kateqoriyaya aid şəxslər iştirak edə bilər:
-Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
-Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 23-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Xəbərin mətnində orfoqrafik səhv var