REGİONLAR
Dövlət orqanlarının əməkdaşları muxtar respublikadakı muzeyləri ziyarət ediblər
Naxçıvan, 28 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeyləri ziyarəti davam edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyini ziyarət ediblər.
Məlumat verilib ki, Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək üçün onun doğulduğu Naxçıvan şəhərində ev-muzeyinin yaradılması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il 19 iyun tarixli Sərəncam imzalayıb, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olub. Mədəniyyət müəssisəsində görkəmli dramaturqun özünə və ailə üzvlərinə həsr olunmuş rəsm əsərləri, dövrə məxsus məişət əşyaları, ədibin qızı Münəvvər xanımın şəxsi pianosu, ədibin hekayələri əsasında hazırlanmış panoramlar və maketlər nümayiş etdirilir. Muzeyin fondunda 2300-dən artıq eksponat mühafizə olunur. Onların 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir, muzey fondunun zənginləşdirilməsinə diqqət yetirilir. Burada ədibin həyat və yaradıcılığına aid dərslər əyani şəkildə keçilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin, Daxili İşlər Nazirliyinin və nazirliyin Veteranlar Şurasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Hərbi Prokurorluq və Naxçıvan Şəhər Prokurorluğunun, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və digərlərinin əməkdaşları da muxtar respublikada fəaliyyət göstərən muzeyləri ziyarət ediblər.