CƏMİYYƏT


Dövlət qeydiyyatına alınmış yeddi dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib

Bakı, 7 mart, AZƏRTAC

Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmiləri, dini təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, DQİDK-nın sədri Mübariz Qurbanlı ulu öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasəti barədə danışıb. O, Ümummilli Liderimizin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldüyünü bildirib, dini etiqad azadlığına geniş imkanlar açıldığını və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şəraitin yaradıldığını diqqətə çatdırıb. Komitə sədri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri sayəsində bu gün Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyaya örnək göstərilən ölkələrdən biri olduğunu vurğulayıb. M.Qurbanlı bildirib ki, dövlətimizin başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə onlarla məscid tikilib, təmir və bərpa olunub, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilir və bu, dini zəmində münaqişələr girdabında boğulan müasir dünyamızda nadir nümunədir. Azərbaycanda müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunur. İslam dini üzrə gənc, peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini ayinləri yalnız ölkə daxilində dini təhsil almış şəxslər apara bilər. Buna görə də ölkəmizdə dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı işlər görülür. Komitə sədri bu məsələdə dini tədris müəssisələrinin önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.

Sonra dövlət qeydiyyatına alınmış Zaqatala İslam Kollecinin, Gəncə İslam Kollecinin, Lənkəran İslam Kollecinin, Quba İslam Kollecinin, Heydər İslam Kollecinin, Nardaran İslam Kollecinin və Bibiheybət İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.

Qeydiyyat şəhadətnamələri almış dini tədris müəssisələrinin rəhbərləri çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, rəhbərlik etdikləri tədris müəssisələri gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli-mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.