ELM VƏ TƏHSİL
“Dövlət qulluğu” jurnalının 2020-ci il üçün 1-ci nömrəsi nəşr edilib
Bakı, 21 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının 2020-ci il 1-ci nömrəsini çap edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu nömrədə “Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsində yoxlanılan bilik sahələri üzrə test tapşırıqlarının elmi-metodik təhlili”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik məlumatlar”, “2019-cu il ərzində dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilmiş müsahibələrə aid statistik təhlil” və digər zəruri məlumatlar dərc olunub.
Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.