ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə müsahibələrin keçirilmə qrafiki açıqlanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Bu il oktyabrın 15-də elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, müsahibələrə 15 dövlət orqanı üzrə 60 vakant vəzifə çıxarılıb. Ümumilikdə 123 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.
Daha çox rəqabət Abşeron Rayon Məhkəməsində məsləhətçi-kompüter proqramçısı (1 vakant yer üzrə 29), Energetika Nazirliyinin daxili nəzarət şöbəsinin inzibati-təşkilati nəzarət sektorunda məsləhətçi (1 vakant yer üzrə 25), Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin keyfiyyətin təminatı sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 21) vəzifələri üzrə müşahidə edilib.
Müsahibələrin dekabrın 6-dan 17-dək DİM-in inzibati binalarında həyata keçirilməsi planlaşdırılır. Müsahibələrdə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.