ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə sınaq imtahanında iştirak etmək üçün 23 nəfər qeydiyyatdan keçib
Bakı, 9 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə avqustun 11-də növbəti sınaq imtahanı təşkil ediləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyata iyulun 23-də başlanılıb. İndiyədək AA vəzifə qrupu üzrə 1, BA qrupu üzrə 9, BB qrupu üzrə 13 nəfər olmaqla, cəmi 23 nəfər qeydiyyatdan keçib. Hələlik digər vəzifə qrupları üzrə qeydiyyatdan keçən yoxdur.
Qeyd edək ki, AA, AB, AC, BA, BB qrupları üzrə sınaq imtahanı saat 10-da başlayacaq. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün online qeydiyyat avqustun 11-də saat 9-da başa çatacaq.