ELM VƏ TƏHSİL


Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Bakı, 16 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (56 vəzifə) növünə aid olan 58 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibədə iştirak etmək üçün qeydiyyat iyunun 14-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər iyunun 14-ü saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu DİM tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra o, müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, onun müsahibədə göstərdiyi nəticələr etibarsız sayılır. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə DİM-in portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında tanış olmaq mümkündür.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda olan staj müəyyən edilir:

-struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

-vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Şəki Apellyasiya Məhkəməsi (15 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

Milli Televiziya və Radio Şurasında BA4 altqrupu üzrə 1 vəzifə;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (11 vəzifə) – AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 5, BB4 altqrupu üzrə 2 vəzifə;

İqtisadiyyat Nazirliyində BA4 altqrupu üzrə 2 vəzifə;

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində BB4 altqrupu üzrə 1 vəzifə;

Şəki Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 15 vəzifə;

Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə;

BB4 altqrupu üzrə Qaradağ Rayon Məhkəməsində 11, Astara Rayon Məhkəməsində 8, Balakən Rayon Məhkəməsində 2, Salyan Rayon Məhkəməsində 1, Ucar Rayon Məhkəməsində 2 vəzifə.

Ümumilikdə, müsahibəyə çıxarılmış 58 vakant vəzifənin 2-si 4-cü təsnifata, 25-i 5-ci təsnifata, 4-ü 6-cı təsnifata, 27-si isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 25-i BA, 31-i isə BB vəzifə qrupuna aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.