Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dövlət qulluğu xalqa xidmət nümunəsidir

Dövlət qulluğu xalqa xidmət nümunəsidir

Bakı, 21 iyun, AZƏRTAC

Hər il iyunun 23-də dövlət qulluqçularının peşə bayramı qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunmuş bu peşə bayramı ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun təqdim etdiyi məqaləni AZƏRTAC oxucuların diqqətinə çatdırır.

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ideyaları əsasında gündən-günə inkişaf edən respublikamızın iqtisadi potensialı gücləndikcə, dövlətin idarə edilməsində mühüm vasitə olan dövlət qulluğu da müasir tələblərə uyğun olaraq daim təkmilləşdirilir. Azərbaycanda dövlət qulluğu Ulu Öndərin hələ 2000-ci ildə təsdiq etdiyi və 2001-ci ilin sentyabrında qüvvəyə minmiş “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənir. Bu Qanun qəbul ediləndən indiyədək Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına uyğun olaraq bilavasitə dövlət qulluğu ilə əlaqədar Prezident tərəfindən 80-dək fərman, 40-dan çox sərəncam imzalanmış, 55-dən artıq qanun, Nazirlər Kabinetinin bir sıra qaydaları təsdiq edən müxtəlif qərarları qəbul edilmişdir.

Dövlət qulluğuna aid bütün aktlarda cəmiyyətin inkişafından irəli gələn, dövlətlə vətəndaşlar arasında əlaqələri tənzimləyən normalar müəyyən edilmiş, dövlət qulluqçularının hüquq və vəzifələri ilə yanaşı, onların məsuliyyəti də artırılmışdır. Həmin aktlar haqqında mətbuatda vaxtaşırı məlumat verilmişdir və xüsusi vurğulamaq lazımdır ki, bu aktların hər birində dövlət qulluqçularının vətəndaşlara münasibəti, dövlət və cəmiyyət qarşısında məsuliyyətinin artırılması əsas yer tutur.

Dövlət qulluqçularının fəaliyyətinin səmərəsi onların cəmiyyətin inkişafı üçün nə dərəcədə real fəaliyyət göstərdikləri, ölkənin iqtisadi inkişafına və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, onların gündəlik qarşılaşdıqları problemlərin həllinə necə nail olduqları, dövlət və vətəndaş münasibətlərinin yaxşılaşmasına göstərdikləri töhfə ilə ölçülür.

Dövlət qulluqçularının fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsipləri və bu günün tələbləri baxımından onların qarşısında duran vəzifələri Azərbaycan Prezidenti İlham Əliyev daha da genişləndirmiş və konkretləşdirmişdir. Dövlətimizin başçısı öz çıxışlarında dövlət qulluğunun mahiyyətini, məzmununu və dövlət qulluqçularının qarşısında qoyulan əsas tələbləri aydın göstərib və bu vacib sahəni daim diqqət mərkəzində saxlayır.

Dövlət qulluqçusu dövlətin idarəetmə sisteminin güzgüsüdür və bu güzgünün şəffaf, ləkəsiz olması hər bir dövlət qulluqçusunun hərəkətlərindən, davranışından, prinsipiallığından, bir sözlə, mənəvi keyfiyyətlərindən çox asılıdır. Ümummilli lider Heydər Əliyev hər bir vəzifəli şəxsdən, ilk növbədə, “mənəvi saflıq, dövlətin qanunlarına riayət etmək, öz işinə sədaqət” tələb edirdi. O, hamının öz yerində, öz vəzifəsinə uyğun məsuliyyət daşıdığını xüsusi qeyd edir, hamıya təvazökar olmağı, vəzifədən sui-istifadə etməməyi, heç kəsin xüsusi status arzusunda olmamasını tövsiyə edir, qanun qarşısında hamının bərabər olduğunu dönə-dönə xatırladırdı. Ulu Öndər vəzifəli şəxslərdən, dövlət qulluqçularından “gecə də, gündüz də öz vəzifəsi və məsuliyyəti haqqında düşünməyi”, təkcə işdə olub iş saatlarını başa vurmaq barədə düşünməməyi tələb edirdi.

Azərbaycanda dövlət qulluğunun inkişaf mərhələlərinə nəzər saldıqda son 25 ildə dövlət qulluğunun cəmiyyətin idarə olunmasında mühüm vasitəyə çevrildiyini, keçmiş partiya və sovet nomenklaturunun idarəçilik təcrübəsinin yeni forma və metodlarla əvəz edildiyini görürük. Xüsusilə son illərdə yeni sistemin tələblərinə uyğun olaraq kreativ düşüncəyə malik dövlət qulluqçularının da formalaşdırılmasının, daha təşəbbüskar kadrların irəli çəkilməsinin, beynəlxalq təcrübədən ustalıqla bəhrələnmənin şahidi oluruq.

Yeni nəsil dövlət qulluqçuları müasir informasiya və texnologiyalardan daha səmərəli istifadə etməyə və idarəetmə sistemində ən müasir informasiya texnologiyalarının tətbiqinə üstünlük verirlər ki, bu da zamanın, dövrün tələbindən irəli gəlir. Fəxrlə demək olar ki, Azərbaycanda dövlətin idarə olunmasında yeni prinsipləri və idarəetmə texnologiyalarını uğurla həyata keçirən belə kadrların böyük ehtiyatı yaranmışdır.

Ümumiyyətlə, əhalinin çox az bir hissəsini – cəmi 0,6 faizini təşkil edən dövlət qulluqçuları respublikada ictimai-siyasi sabitliyin qorunmasında, demokratik dəyərlərin bərqərar olunmasında, iqtisadi inkişafın sürətləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində, onların gündəlik problemlərinin həllində yaxından iştirak edir, bu şərəfli yükü çiyinlərində ləyaqətlə daşıyırlar.

Azərbaycan dövlətinin gündən-günə güclənməsi, cəmiyyətdə böyük həmrəyliyin və birliyin hökm sürməsi bunu aydın göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “daxili sabitlik, ictimai-siyasi asayiş, xalqla iqtidar arasında olan birlik – bütün bu amillər hər bir ölkənin uğurlu inkişafı üçün vacibdir”.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutaraq cəmiyyətdə ədalət prinsipini daim önə çəkir, hər şeyin ədalət prinsipi əsasında qurulmalı olduğunu və ədalətin pozulmasının yolverilməzliyini, əks halda, cəmiyyətin çətinliklərlə üzləşə biləcəyini xüsusi vurğulayır.

Azərbaycan Prezidenti dövlətin əsas məqsədinin insanların daha yaxşı yaşamasından, vətəndaşların hüquqlarını daha yaxşı təmin etməkdən ibarət olduğunu vurğulayaraq bildirir: “İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar. Əksinə deyil. Məmur xalqın xidmətçisidir. Vətəndaşa xidmət, kömək göstərməlidir. Yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır”.

Dövlətin həyata keçirdiyi siyasətin və xalqın dövlətə münasibətinin formalaşmasında dövlət qulluqçusunun müsbət imici mühüm rol oynayır. Onun müsbət imici isə gördüyü işin nəticəsindən, peşəkarlığından, öz vəzifə borcuna münasibətindən, insanlarla düzgün ünsiyyət qurmasından asılıdır. Məlumdur ki, son illər Azərbaycanda Prezidentin müəyyən etdiyi dövlət proqramlarının və həyata keçirilən layihələrin yerinə yetirilməsi bilavasitə dövlət qulluqçuları tərəfindən təmin edilmişdir. Hazırda Azərbaycanın bütün regionlarında, şəhər və qəsəbələrində gedən abadlıq və quruculuq işləri, yeni iş yerlərinin yaradılması üçün sənaye və infrastruktur müəssisələrinin, obyektlərin istifadəyə verilməsi bilavasitə yerli idarəetmə orqanlarının rəhbərliyi ilə həyata keçirilir.

Azərbaycanda dövlət qulluqçularının nə dərəcədə səmərəli fəaliyyət göstərməsi özünü məhz məmur-vətəndaş münasibətlərində büruzə verir. Bu məsələdən danışan Azərbaycan Prezidenti deyir: “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.

Dövlət qulluqçularının fəaliyyətinə qiymət verilərkən onların vətəndaşların gündəlik problemlərinin həllinə necə yanaşması əsas meyarlardan biri sayılır. Bu baxımdan Prezident Administrasiyasında, eləcə də respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşları narahat edən məsələlərin həlli üçün görülən işlər ölkə rəhbərliyinin həmişə diqqət mərkəzində olmuş və olacaqdır. Çünki Azərbaycan vətəndaşları öz gündəlik qayğıları, özlərinin həll edə bilmədikləri problemlər barədə, ilk növbədə, dövlət qulluqçularına müraciət edirlər.

Respublikada vətəndaşların müraciətlərinə baxılması sahəsində mükəmməl qanunvericilik bazası yaradılmışdır. Gündən-günə təkmilləşdirilən bu qanunvericilik bazası, ilk növbədə, məmurların məsuliyyətini artırmaqla yanaşı, vətəndaşların hüquq və vəzifələrini də konkret müəyyən etməyə imkan verir. Hələ 1997-ci ildə Ulu Öndər tərəfindən imzalanmış “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu cəmiyyətin inkişafından irəli gələn və bu günün tələblərinə uyğun olan müddəalar əsasında təkmilləşdirilərək Milli Məclisdə 2015-ci ildə qəbul olunmuş və Prezident İlham Əliyev tərəfindən imzalanaraq yenidən təsdiq edilmiş və Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşlara verilmiş hüquq və azadlıqların təmin edilməsində mühüm vasitəyə çevrilmişdir.

Son iki ildə bu Qanundan irəli gələn digər normativ hüquqi aktlar da tamamilə yenidən işlənərək daha mükəmməl səviyyəyə çatdırılmış və həmin aktların tətbiqi bu sahədə işin daha da yaxşılaşmasına səbəb olmuşdur. Məhz vətəndaş və məmur münasibətlərini düzgün tənzimləmək və yaxşılaşdırmaq üçün vətəndaşların müraciətlərinə baxılması məsələləri Prezident Administrasiyası tərəfindən müntəzəm nəzarətdə saxlanılır. Bu məsələlər vaxtaşırı geniş təhlil olunur və vətəndaş müraciətlərinə baxılması üçün bütün dövlət orqanlarında, eləcə də idarə, müəssisə və təşkilatlarda, bələdiyyə orqanlarında tələbkarlıq gündən-günə artırılır. Artıq neçə ildir ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün mərkəzi icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri – nazirlər, komitə sədrləri və digər qurumların rəhbərləri müəyyən edilmiş qrafikə uyğun olaraq bilavasitə regionlarda vətəndaşları qəbul edir, onların problemlərini öyrənib yerində həll edir, ən başlıcası, bu problemlərin yaranma səbəblərini aradan qaldırmaq üçün lazımi tədbirlər görürlər.

2013-cü ildən başlayaraq yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar əvvəllər ancaq televiziya ekranlarında gördükləri vəzifəli şəxslərlə ünsiyyətdə ola, öz problemlərini birbaşa çatdıraraq onlardan cavab ala bilirlər. Bu qəbullar artıq ənənə halını almış və özünü doğrultduğuna görə daha geniş miqyasda keçirilməkdədir. Təkcə keçən il respublikanın 21 mərkəzi icra hakimiyyəti orqanının və digər qurumların rəhbərləri tərəfindən Azərbaycanın 56 şəhər və rayonunda keçirilmiş qəbullarda 8 mindən çox vətəndaş iştirak etmiş, onları narahat edən məsələlər barədə 6 mindən çox müraciətə baxılmışdır. Bu müraciətlərin 85 faizi bilavasitə vətəndaşları qəbul etmiş qurumların səlahiyyətinə aid olmuşdur.

Ümumiyyətlə, 2013-cü ildən başlayaraq belə qəbullarda 39351 vətəndaş iştirak etmişdir və müraciətlərin 83,2 faizi həmin qurumların səlahiyyətinə aid olmuşdur.

Müsbət cəhətlərdən biri də odur ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbul etdiyi vətəndaşların qaldırdıqları məsələlərin əksəriyyəti müsbət həll olunur və belə müraciətlərin əsaslı olanları heç vaxt icradan kənarda qalmır. Bütövlükdə rəhbər şəxslərə təqdim olunmuş müraciətlərin 33,1 faizi müsbət həllini tapmış, onların 41,1 faizinə müvafiq izahat verilmiş, 7,2 faizi əsassız sayılmış, 12,8 faizi aidiyyəti üzrə göndərilmiş, 5,8 faizi isə icradadır. Ümumən ildən-ilə müraciətlərin sayının azalması isə onların yaranma səbəblərinin getdikcə aradan qaldırılmasının və yerlərdə bu məsələyə diqqətin daha da artırılmasının nəticəsidir.

Vətəndaşların yerlərdə qəbulunun təşkili təkcə mərkəzi icra hakimiyyəti və digər qurumların rəhbərləri ilə məhdudlaşmır. Artıq neçə illərdir ki, bütün şəhər və rayon icra hakimiyyətlərinin başçıları rayonun idarə və müəssisə rəhbərləri ilə birlikdə, bir qayda olaraq, hər həftə rayonun müxtəlif kənd və qəsəbələrində vətəndaşları bilavasitə qəbul edir, yerlərdə olan problemləri daha yaxından öyrənərək öz səlahiyyətləri və imkanları daxilində onları operativ həll edirlər.

Müraciətlərə baxılmasında və sənədlərlə işdə müasir elektron informasiya sisteminin, elektron sənəd dövriyyəsinin geniş tətbiqi həmişə diqqət mərkəzində olmuş və olacaqdır. İdarəçilikdə bunun böyük əhəmiyyəti vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılmış və bu sistemin səmərəsi artıq özünü göstərməkdədir.

Qeyd etmək lazımdır ki, informasiya sisteminin tətbiqi nəticəsində müvafiq məlumatların öyrənilməsi və bu işə nəzarət edilməsi daha da asanlaşmışdır. 2016-cı ildə yerli icra hakimiyyəti orqanlarında həmin sistem üzrə 129 mindən çox vətəndaş müraciəti qeydiyyata alınmışdır.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin 68,8 faizi ərizə, 30,9 faizi şikayət, 0,3 faizi təklif olmuşdur.

Dövlətlə vətəndaş arasında körpü rolunu oynayan vətəndaş müraciətlərinin öyrənilməsi və onların hərtərəfli təhlil edilməsi cəmiyyətdə baş verən proseslərin daha yaxından öyrənilməsinə, müraciətlərdə qaldırılan problemlərin vaxtında həll edilməsi üçün tədbirlər görülməsinə, ölkə rəhbərliyinin həlli vacib olan məsələlər üçün zəruri qərarlar qəbul etməsinə kömək edir.

Azərbaycan Prezidenti vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində ayrı-ayrı dövlət qurumlarında yol verilən bürokratik maneələri, süründürməçilik hallarını və digər mənfi halları aradan qaldırmaq üçün, ilk növbədə, idarəetmə sistemində müasir texnologiyalardan istifadə edilməklə bu işin daha səmərəli qurulması üçün ciddi tədbirlər görülməsini təmin edir.

Hazırda Azərbaycan brendi sayılan “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirən Prezident sistemin yaradılmasının əsas məqsədinin vətəndaşların rahatlığı və öz problemlərini həll etmək üçün bürokratik əngəllərlə qarşılaşmaması olduğunu qeyd edərək bu xidmətdə tətbiq olunan üsulların bütün dövlət orqanlarında tətbiqini tövsiyə edir. Azərbaycan Prezidenti bu sistemdə vətəndaş-məmur münasibətlərinin yeni formasını görür və bu münasibətlərin müasir tələblər səviyyəsində qurulmasını təqdir edərək deyir: “...məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir. Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar”.

Dövlət qulluqçularının fəaliyyətinə ictimai nəzarətin bir forması hesab edilən vətəndaş müraciətlərinə baxılmasına xüsusi əhəmiyyət verən Azərbaycan Prezidenti bütün sahələrdə, o cümlədən əhalinin güzəranı üçün ciddi əhəmiyyət daşıyan sosial proqramların yerinə yetirilməsinə ictimai nəzarətin olmasını vacib hesab edir. 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda Azərbaycan Prezidenti məhz ictimai nəzarətlə bağlı məsələlərə xüsusi diqqətlə yanaşaraq şəhər və qəsəbələrin abadlığına, kəndlərdə sosial problemlərin həllinə ayrılmış vəsaitin düzgün sərf olunmasına ictimai nəzarətin artırılmasını tövsiyə etmiş, vətəndaşlara müraciət edərək onların rayonlarında, kəndlərində tikilməli olan obyektlərin inşasının gedişi barədə öz narahatlıqlarını və narazılıqlarını Prezident Administrasiyasına çatdırmalarını təklif etmişdir: “Əgər onların kəndi o siyahıda varsa və o iş görülmürsə, dərhal yerli icra orqanlarına, Prezident Administrasiyasına məlumat versinlər... Mən bunu ona görə deyirəm ki, ictimai nəzarət güclənsin. Mən dəfələrlə bu barədə demişəm ki, ictimai nəzarəti gücləndirmək üçün gərək ictimaiyyətdə məlumat olsun”.

Azərbaycanda həyata keçirilən geniş layihələr haqqında ölkə vətəndaşlarının müntəzəm məlumatlandırıldığını bildirən dövlətimizin başçısı böyük proqramların icrası üçün müasir idarəetmə sisteminin tələblərinə cavab verən yüksəkixtisaslı kadrların yetişdirilməsini də vacib məsələ kimi irəli sürmüşdür.

Prezidentin dövlət qulluqçularından bir tələbi də budur ki, onlar ölkənin iqtisadi inkişafını sürətləndirməyə dair təşəbbüslərə dərhal reaksiya versinlər və ümumi inkişafımıza yararlı təklifləri reallaşdırmağa yardımçı olsunlar, sahibkarlığın inkişafına xüsusi dəstək göstərsinlər. Əhalinin güzəranının yaxşılaşdırılması, ölkədə iş yerlərinin yaradılması məqsədilə dövlətdən asılı olan bütün tədbirlərin görüldüyünü, təkcə son illərdə ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə cəlb olunduğunu, iqtisadiyyatın rəqabətliliyinə görə Davos Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan iqtisadiyyatının 37-ci yerə layiq görülməsini, bir il ərzində 3 pillə irəliləməsini müsbət dəyərləndirən dövlətimizin başçısı yerli icra orqanları qarşısında məsələni konkret olaraq belə qoymuşdur ki, gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu və ya digər rayona nə qədər sərmayə gətirilməsi amilinə əsaslanacaqdır.

Bu faktın özü də dövlət qulluqçularının üzərinə nə qədər geniş vəzifə və funksiyalar qoyulduğunu bir daha təsdiq edir. Əlbəttə, hər bir işin görülməsində onu həyata keçirən şəxslərdən çox şey asılıdır. Bu baxımdan Azərbaycan Prezidenti bütün sahələr üzrə kadr hazırlığına böyük önəm verir və deyir: “Kadr hazırlığına xüsusi diqqət göstərilməlidir ... Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdən biridir”.

Azərbaycan dövləti 25 ildən çoxdur ki, bərpa etdiyi müstəqilliyini möhkəmlətmək, bu müstəqilliyi gözü götürməyən qüvvələrin müqavimətini dəf etmək, dərin milli-mənəvi köklər üzərində müasir dövlət qurmaq və hər bir vətənpərvər insanın fəxr edəcəyi bu ölkəni dünyaya tanıtmaq üçün böyük səylər göstərir. Azərbaycan Prezidentinin 2017-ci ilin mayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd etdiyi kimi dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb. Azərbaycana bu gücü, bu qüdrəti ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin davamçısı, onun layiqli varisi İlham Əliyevin real, düşünülmüş və uzaqgörən siyasəti təmin etmişdir. Bu işdə Azərbaycan Prezidentinin siyasətini bilavasitə həyata keçirən və onun reallaşmasına dəstək olan dövlət qulluqçularının da əməyi az deyildir və getdikcə daha çox olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır