REGİONLAR
Dövlət qulluğuna ixtisas biliklərinə malik vətənpərvər kadrların seçilməsi diqqət mərkəzindədir
Naxçıvan, 19 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri 2016-cı ilin ötən altı ayında da davam etdirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından AZƏRTAC-a bildirilib ki, dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün komissiya tərəfindən 2016-cı il fevralın 20-də elan edilən müsabiqəyə 36 dövlət orqanından 294 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 634 nəfər sənəd təqdim edib. Müsabiqədə müvəffəqiyyət qazanan 84 namizəddən 68-nin sənədləri iddia etdikləri vəzifəyə təyin olunmaq üçün dövlət orqanlarına göndərilib.
Dövlət statistika orqanlarında inzibati vəzifələrin yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün komissiya tərəfindən 2016-cı il iyunun 6-da elan edilən müsabiqəyə 201 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 213 nəfər sənəd təqdim edib. Müsabiqənin test imtahanları mərhələsində iştirak edən 205 namizəddən 180-ni keçid balını toplaya bilib. Hazırda müsahibə mərhələsi üçün sənəd qəbulu davam edir.
Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqələrin test imtahanlarının keçirilməsinə kömək göstərilib. Bu il yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Prokurorluğu üzrə vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanlarında iştirak edən 29 namizəddən 12-si, fevralın 22-də Vəkillər Kollegiyası üzrə iştirak edən 19 namizəddən 18-i keçid balını toplayıb.
Ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısına daxil edilən 9 namizəd dövlət orqanlarında analoji vakant vəzifələrə təyin olunub.
Elektron xidmətlərin göstərilməsi də diqqət mərkəzində olub. Komissiya tərəfindən “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə 2016-cı ilin 6 ayında elan edilən 5 müsabiqədə iştirak edən 918 nəfərə komissiya tərəfindən elektron xidmətlər göstərilib.