ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul imtahanında iştirak edənlərin nəticələri haqqında statistik məlumatlar açıqlanıb
Bakı, 24 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) fevralın 16-da keçirilmiş imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və TQDK-nın (DİM-in) əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatlar açıqlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1856 namizəddən 1728-i keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzinin) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbul olunub. Bu şəxslərdən 787 nəfər (45,5 faiz) imtahandan uğurla keçib.
Mərkəzin saytında təqdim olunan xüsusi cədvəldə http://www.tqdk.gov.az/news/5039/ TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanında qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. 0-100, 101-200, 201-300, 301-400, 401-500, 501 600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 20 faizi, 25,2 faizi, 33,7 faizi, 43,3 faizi, 55,3 faizi, 59,2 faizi, 65,9 faizi test imtahanından uğurla keçib. Əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə edilir.
Müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1856 namizəddən 128-i ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) xətti ilə qəbul olmayıb. Onlardan yalnız 16 nəfər (2 faiz) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 9 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 7 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.