ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün növbəti sınaq imtahanı aparılıb
Bakı, 22 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahan təlimata uyğun olaraq kompüter vasitəsilə üç saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün bütün lazımi şərait yaradılıb. İmtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
AA, AB, AC, BA, BB qrupları üzrə növbəti sınaq imtahanları noyabrın 29-da və dekabrın 2, 6 və 13-də keçiriləcək. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün online qeydiyyat tarixləri barədə ətraflı məlumat almaq üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.