ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul olmaq üçün müsahibələrə hazırlaşacaq namizədlərin nəzərinə
Bakı, 26 fevral, AZƏRTAC
Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə təlimatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi şərtlər”ə uyğun olaraq hazırlanır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi şərtlər “Təhsilə dair tələblər”, “İş stajına dair tələblər” və “Bilməlidir” hissələrindən ibarətdir. “Bilməlidir” hissəsində vəzifənin tutulması üçün zəruri olan minimal biliklər müəyyən edilir. Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında digər zəruri biliklər müəyyən edilir, habelə xarici dil və kompüter biliklərinə dair tələblər nəzərdə tutula bilər.
Ümumi şərtlərin “Bilməlidir” hissəsində bütün vəzifələr üzrə aşağıda göstərilən normativ hüquqi aktlar qeyd olunur: Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanunlar.
Nazirlər Kabinetinin qeyd edilən qərarının tələbləri nəzərə alınaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu “Ümumi proqram”a əlavə edilib.
Dövlət İmtahan Mərkəzi namizədlərdən növbəti elanlar üzrə müsahibələrə hazırlaşarkən qeyd edilən dəyişikliyi nəzərə almağı xahiş edir.