ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanında 24 nəfər uğur qazanıb
Bakı, 24 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 24-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahana qeydiyyat oktyabrın 29-dan noyabrın 23-dək aparılıb və bu müddət ərzində 59 namizəd qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində keçirilib və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda 58 namizəd iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC3 altqrupu üzrə 4 nəfər, AC4 altqrupu üzrə isə 12 nəfər olmaqla, ümumilikdə 24 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün noyabrın 26-dan dekabrın 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin məlumatlarının düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə olunur.
Məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası noyabrın 26-dan 28-nə kimi saat 14-dən 17-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.