ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri bu gün açıqlanacaq
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan təlimata uyğun kağız daşıyıcılar vasitəsilə üç saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti beş ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün nəticələri elan olunduqdan 10 iş günü müddətində DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin, əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə olunmalıdır. Məlumatların və əlavə olunmuş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə üçün həmin sənədlərin əslini beş iş günü müddətində DİM-ə təqdim etməlidir.