ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay davam edəcək
Bakı, 29 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 22 dövlət orqanı üzrə inzibati vəzifələrin 4–7-ci təsnifatlarına uyğun olan 106 vakant icraçı və rəhbər vəzifələrə (AB, AC, BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – iyulun 29-dək davam edəcək.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət forması” vasitəsilə mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiqləməli və iyunun 29-dan iyulun 29-na kimi saat 18-dək (30 gün müddətində) mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyənləşdirilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizədin “Forma” vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu mərkəz tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra o, müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandığı halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:
struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17), Binəqədi Rayon Məhkəməsi (15), Ali Attestasiya Komissiyası (10) tərəfindən təqdim olunub.
Vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim edilib:
Binəqədi Rayon Məhkəməsi (15 vakant vəzifə) BB4 altqrupu üzrə 15;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17 vakant vəzifə) AC2 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 15;
Təhsil Nazirliyi (2 vakant vəzifə) BA4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 1;
Nərimanov Rayon Məhkəməsi (6 vakant vəzifə) BB4 altqrupu üzrə 6;
Ali Attestasiya Komissiyası (10 vakant vəzifə) AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 2, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 5;
Salyan Rayon Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;
Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi (6 vakant vəzifə) BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 5;
Gəncə şəhəri Nizami Rayon Məhkəməsi (6 vakant vəzifə) BB4 altqrupu üzrə 6;
Füzuli Hərbi Məhkəməsi (3 vakant vəzifə) BB2 altqrupu üzrə 3;
Şəki Ağır Cinayətlər Məhkəməsi (3 vakant vəzifə) BB2 altqrupu üzrə 3;
Lənkəran Ağır Cinayətlər Məhkəməsi (2 vakant vəzifə) BB2 altqrupu üzrə 2;
Astara Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4;
Qaradağ Rayon Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5;
Zaqatala Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;
Yevlax Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4;
Bərdə Rayon Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;
Cəbrayıl Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;
Lerik Rayon Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;
Kəlbəcər Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;
Sumqayıt Apellyasiya Məhkəməsi (2 vakant vəzifə) BA4 altqrupu üzrə 2;
Şirvan Şəhər Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5;
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (7 vakant vəzifə) BB2 altqrupu üzrə 7.
Müsabiqəyə çıxarılmış 106 vakant inzibati vəzifədən 3-ü AB, 1-i AC, 10-u BA, 92-si isə BB vəzifə qrupuna aiddir.