ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul üçün namizədlərlə müsahibələrin keçirilmə qrafiki açıqlanıb
Bakı, 14 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 2-də və 3-də elan edilmiş müsabiqə üzrə müsahibələrdə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Namizədlərlə müsahibələrin Dövlət İmtahan Mərkəzinin (DİM) Bakıda yerləşən inzibati binalarında keçirilməsi nəzərdə tutulur.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, müsahibələr Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Tarif (qiymət) Şurasının Katibliyi və məhkəmə orqanlarında olan vakant vəzifələr üzrə keçiriləcək. Müsahibələrin iyunun 25-də başlanılması və iyulun 6-dək davam etməsi nəzərdə tutulur.
Müsabiqəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif vəzifələr üzrə müşahidə edilir.
Ən çox müraciət Əmlak Məsələləri Dövlət Komitəsi (20 vakant vəzifə üzrə 268 müraciət) və Nəsimi Rayon Məhkəməsi (dörd vakant yer üzrə 16 müraciət) üzrə müşahidə edilib.
Mayın 2-də və 3-də elan edilən müsabiqələr üzrə qeydə alınan namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı DİM-in rəsmi saytından əldə etmək mümkündür.