ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatıb
Bakı, 16 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 16-da dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahan elektron qaydada keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. Qeydiyyatdan keçmiş 61 nəfərdən 60-ı imtahana gəlib. AC2 altqrupu üzrə 1, AC3 altqrupu üzrə 5, AC4 altqrupu üzrə 6 nəfər olmaqla, ümumilikdə 12 namizəd uğur qazanıb.
Test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün mayın 17-dən 31-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 17-19 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında fəaliyyət göstərəcək.