ELM VƏ TƏHSİL
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda 90 nəfər uğur qazanıb
Bakı, 10 may, AZƏRTAC
İnzibati vəzifələrin BB qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün mayın 8-də keçirilmiş test imtahanının nəticələri açıqlanıb. İmtahan nəticələri bu gün saat 16:20-dən etibarən Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 207 namizəddən 1 nəfər imtahana gəlməyib.
BB1 altqrupu üzrə 1 nəfər, BB2 altqrupu üzrə 15 nəfər, BB3 altqrupu üzrə 35 nəfər, BB4 altqrupu üzrə 39 nəfər olmaqla, ümumilikdə 90 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası mayın 11-13-də saat 14:00-dan 17:00-dək DİM-də (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.