ELM VƏ TƏHSİL
Dövlət qulluğunda insan resurslarının idarə edilməsi - beynəlxalq seminar







Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM), Dövlət Qulluğu üzrə Astana Regional Xab və BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının birgə təşkilatçılığı ilə “XXI əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” mövzusunda beynəlxalq seminar keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi müasir insan resurslarının idarə edilməsində dövlət qulluğu sisteminin komponentlərinin – işə qəbul, fəaliyyətin qiymətləndirilməsi, rotasiya, motivasiya sistemi, eləcə də informasiya texnologiyaları və süni intellektin müasir təcrübələrə təsiri və digər mövzuların müzakirəsi, həmçinin iştirakçı ölkələrin qabaqcıl təcrübələrinin paylaşılmasıdır.
Seminarı açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə insan kapitalının dövlət idarəçiliyində səmərəli istifadə olunması, dövlət qulluqçularının potensialının üzə çıxarılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı və dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələləri vurğulayıb.
Daha sonra çıxış edən Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov belə bir mötəbər tədbirin təşkili üçün Azərbaycana minnətdarlıq edib və seminar çərçivəsində aparılan müzakirələrin Xaba üzv dövlətlər arasında mövcud əməkdaşlığa, gələcək islahatlara müsbət töhfə verəcəyinə inandığını bildirib.
BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının İnsan resursları və siyasəti şöbəsinin müdiri xanım Henrietta Maria De Beer çıxışında insan kapitalının əhəmiyyəti, onların potensialından səmərəli istifadə və keyfiyyətli ictimai xidmətlərin göstərilməsində insan resurslarının rolunu qeyd edib və seminar iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, 2 gün davam edəcək seminarın ilk günü BMT ekspertləri tərəfindən insan resurslarının idarə edilməsi funksiyasının strateji icmalı, dövlət qulluğu subyektlərinin üzləşdiyi müasir problemlər, nailiyyət prinsipləri, müxtəliflik, motivasiya və bir sıra digər mövzulara dair BMT-nin təcrübəsi nümayiş olunacaq və mövzu ətrafında müzakirələr aparılacaq.
Qonaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə qonaqlar mədəni proqram çərçivəsində Azərbaycan tarixini əks etdirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə də yaxından tanış olacaqlar.
Seminarın növbəti günü isə dövlət qulluğunda seçim, fəaliyyətin qiymətləndirilməsi, karyeranın idarə edilməsi və inkişafı sahəsində səriştələrdən istifadədə, səriştələrə əsaslanan təlim, həmçinin İT və süni intellektin seçim, işə qəbul, karyera idarəçiliyi üzrə müasir təcrübələrə təsiri mövzuları ətrafında müzakirələr aparılacaq.