ELM VƏ TƏHSİL
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi başlanır
Bakı, 20 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 11-də elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsinə başlanılır.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, yanvarın 11-də elan edilmiş müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1.126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub.
Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1.692 müraciət qeydə alınıb. Lakin unikal ərizəçi sayı 596 nəfərdir. Qaydalara əsasən sertifikatı olan şəxs vakant yerin vəzifə təlimatında nəzərdə tutulmuş tələbləri ödəyirsə, istənilən sayda vəzifənin müsahibəsində iştirak üçün müraciət edə bilər. Yanvarın 11-də elan edilmiş vakant vəzifələrin müsahibələrində iki nəfər 20 yerdən artıq, 30 nəfər 10 yerdən artıq, 79 nəfər beş yerdən artıq, 18 nəfər beş yer, 32 nəfər dörd yer, 94 nəfər iki yer, 373 nəfər isə bir vakant yerin müsahibəsində iştirak üçün qeydiyyatdan keçib. Ona görə də DİM tərəfindən 596 nəfər üçün, ümumilikdə 1.692 müsahibə təşkil olunacaq. Müsahibələr fevralın 21-dən martın 16-dək keçiriləcək. Müsahibələrin keçirilmə qrafiki ilə DİM-in saytinda tanış olmaq mümkündür.
Xatırladaq ki, bu müsahibə elanında 77 dövlət orqanından 31-də (40.26 faiz) vakant olan vəzifələr üzrə heç bir namizəd qeydiyyatdan keçməyib. Elan olunmuş müsahibələrdə müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək. Artıq sertifikat əldə etmiş, həmçinin fevralın 18-də dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında uğur əldə edənlər bu müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə biləcəklər. Namizədlərin nəzərinə çatdırırıq ki, DİM-in internet portalında müsahibə elanında dövlət orqanları və oradakı vakant vəzifələrlə tanış olmaq mümkündür. Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərində, Əmlak Məsələləri, Dini Qurumlarla İş, Statistika, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələrində, rayon-şəhər məhkəmələrində, eləcə də digər qurumlarda xeyli sayda vakansiyalar var. Həmin vakansiyalarla DİM-in saytında tanış olmaq mümkündür.
Yanvarın 26-da, fevralın 7-8-də elan olunmuş müsahibələrə isə qeydiyyat davam edir. Yanvarın 26-da elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun icraçı vəzifələr üzrə 189 vakant yer, fevralın 7-də elan edilmiş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun 518 vakant yer, fevralın 8-də elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun icraçı vəzifələr üzrə 193 vakansiya təqdim edilib.