ELM VƏ TƏHSİL


Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə müsabiqənin müsahibə mərhələsi elan edilir

Bakı, 13 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 8 dövlət orqanında 103 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib. Namizədlər əldə etdikləri sertifikata uyğun gələn müsahibələrdə iştirak edə bilər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibədə iştirak üçün namizədlər iyulun 12-si saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda namizəd müsahibədə iştirak edə bilməz.

Namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və onun müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu DİM tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır. Namizəd müvafiq şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verildiyi aşkarlandığı halda namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar DİM tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında tanış olmaq mümkündür.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra DİM-in portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğundakı staj müəyyən edilir:

-struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

-vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (40 vəzifə) və Əmlak Məsələləri Dövlət Komitəsi (38 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

- Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (40 vəzifə) – BB3 altqrupu üzrə 39, BB4 altqrupu üzrə 1 vəzifə;

- Əmlak Məsələləri Dövlət Komitəsi (38 vəzifə) – BA4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 3, BB2 altqrupu üzrə 12, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 21 vəzifə;

- Şəki Ağır Cinayətlər Məhkəməsi (3 vəzifə) – BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2 vəzifə

- Şirvan Apelyasiya Məhkəməsi (13 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 12 vəzifə;

- İsmayıllı Rayon Məhkəməsi - BB4 altqrupu üzrə 2 vəzifə;

- Əqli Mülkiyyət Agentliyi - BA4 altqrupu üzrə 1 vəzifə;

- Biləsuvar Rayon Məhkəməsi - BB4 altqrupu üzrə 1 vəzifə;

- Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi - BB4 altqrupu üzrə 5 vəzifə.

Ümumilikdə müsahibəyə çıxarılmış 103 vakant vəzifənin 15-i 5-ci təsnifata, 18-i 6-cı təsnifata, 70-i isə 7-ci təsnifat üzrə olmaqla, 15-i BA, 88-i isə BB vəzifə qrupuna aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.