ELM VƏ TƏHSİL
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat davam edir
Bakı, 8 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat avqustun 9-u saat 16:00-dək davam edəcək.
Avqustun 8-i saat 09:25-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 241, BB vəzifə qrupu üzrə 787 nəfər olmaqla, ümumilikdə 1028 nəfər qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat”dan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidirlər. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.