ELM VƏ TƏHSİL
“Dövlət qulluğunda mövcud islahatlar: çağırışlar və perspektivlər” mövzusunda onlayn konfrans
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) və Qazaxıstanın Astana şəhərində yerləşən “Dövlət qulluğu üzrə regional xab”ın birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda mövcud islahatlar: çağırışlar və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib. Tədbirə 20 ölkədən 200-dən çox nümayəndə qoşulub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsinin məqsədi dövlət qulluğu sistemində səmərəli idarəetmənin qurulması üçün islahatların aparılması istiqamətində ən qabaqcıl təcrübənin hərtərəfli icmalı və müzakirəsi olub. Görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Qırğızıstan və Şimali Makedoniyanın dövlət qulluğu orqanlarının rəhbərləri və ekspertləri öz ölkələrində aparılan islahatlar barədə təqdimat ediblər və dövlət qulluğu sahəsində COVID-19 ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində tətbiq edilə biləcək yeniliklər barədə fikir mübadiləsi aparıblar.
Konfransda DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və Astanadan “Dövlət qulluğu üzrə regional xab”ın İdarə Heyətinin sədri Əlixan Baymənov açılış nitqi ilə çıxış ediblər.
Tədbir Qazaxıstan Dövlət Qulluğu Məsələləri Agentliyinin sədr müavini, Gürcüstan Dövlət Qulluğu Bürosunun direktoru, Ukrayna Dövlət Qulluğu Milli Agentliyinin rəhbəri, Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru və Şimali Makedoniyanın Tetova Universitetinin professorunun çıxışları ilə davam edib.
Konfransda DİM-in Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair Strategiya və institusional islahatlar” və Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn “Azərbaycan Respublikasının dövlət qulluğu sistemində “Səriştə modelinin təsdiqlənməsi layihəsi” mövzularında təqdimat ediblər.
İlk çıxışda “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” (Strategiya), onun 2019−2021 və 2022-2025-ci illərdə icrası üzrə fəaliyyət planları barədə tədbir iştirakçılarına məlumat verilib.
Növbəti təqdimat DİM əməkdaşı tərəfindən Strategiyanın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində təşkil edilən dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihə barədə edilib.
Tədbir “Zoom” platforması vasitəsilə keçirilib və çıxışlar Azərbaycan, qazax, ingilis və rus dillərinə sinxron tərcümə edilib.
Xatırladaq ki, 2013-cü ildə Azərbaycanın da üzv dövlət kimi iştirakı ilə yaradılmış “Dövlət qulluğu üzrə regional xab” ölkələr arasında müvafiq sahədə əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayaraq dövlət qulluğu sistemlərinin inkişaf etdirilməsi üçün toplanmış təcrübə mübadiləsini həyata keçirir.