CƏMİYYƏT


Dövlət qulluğunda olduqlarına görə fəaliyyəti dayandırılmış vəkillər üzvlük haqqı ödəməkdən azad edilib

Bakı, 4 fevral, AZƏRTAC 

Fevralın 4-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov bu il fevralın 1-dən etibarən order markalarının tətbiqi barədə məlumat verib. O, qarşıdakı dövrdə vəkillərin sayının artırılması ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyətini vurğulayıb.

İclasda Tərtər və Astara rayonlarında vəkil bürolarının təsis olunması barədə məsələyə baxılaraq müsbət qərar qəbul edilib. Həmçinin başqa vəkil qurumuna keçmək barədə və sair müraciətlərə baxılıb, dövlət qulluğunda olduqlarına görə fəaliyyəti dayandırılmış vəkillərin mart ayından etibarən üzvlük haqqı ödəməkdən azad edilmələri qərara alınıb.

Kollegiyanın iclasında vəkillər barəsində başlanılmış 8 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə edilib. Qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə irad bildirilib, 1 vəkilə isə xəbərdarlıq olunub. Bundan başqa, 3 iş üzrə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib. Üç intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.