Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir
AzerTAg.az

Bakı, 29 dekabr, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının etik-davranış qaydalarına həsr olunan onlayn formatda iclas keçirilib.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət qulluğunda olmağın imtiyaz deyil, məsuliyyət, insanlara xidmət imkanı olması fikrini xüsusi vurğulayaraq dövlət qulluqçularının öz xidməti vəzifələrinin icrası zamanı gözlənilən və tələb olunan davranış qaydalarına toxunub. O, dövlət qulluğunda etik məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək dövlət qulluqçularının dövlət və cəmiyyət qarşısında böyük məsuliyyət daşıdığını bildirib.
İclasda Agentliyin Aparatının Müəllif–hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsi müdirinin müavini, etik-davranış qaydaları üzrə məsul şəxs (etik müvəkkil) Əfsanə Mirzəzadənin “Etik davranış qaydaları haqqında 2022-ci il üzrə hesabatı” dinlənilib. Hesabatda qeyd olunub ki, 2022-ci ildə Agentliyin fəaliyyətinə mane ola biləcək məqamların vaxtında aradan qaldırılması məqsədilə maarifləndirmə işi davam etdirilib, Agentlik əməkdaşlarının xidməti davranış qaydaları və prinsipləri, dövlət qulluqçularının etik-davranış qaydaları haqqında yaddaş kitabçası kimi metodiki vəsaitlər hazırlanıb. Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş razılığa əsasən, “Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” haqqında birgə təlimin keçirilməsi nəzərdə tutulub.
Tədbirdə əmək intizamı, işə davamiyyət və digər məsələlər müzakirə olunub.
Xəbərin mətnində orfoqrafik səhv var