SİYASƏT


Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində 2030-cu il Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması mövzusundakı seminarın sessiyalarından biri “Strateji inkişaf hədəflərinin həyata keçirilməsi üçün dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə və potensialın artırılmasına kömək edən strategiya, bilik və amillər” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru Birləşmiş Biznes İnstitutlarının dekanı professor Munira Aminova mövzunun aktuallığı barədə danışıb.

BMT-nin İctimai əlaqələr komitəsinin eksperti Lamiya Mobayed təmsil etdiyi beynəlxalq təşkilatın mövzu ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, dövlət qurumlarının qüsursuz fəaliyyət göstərməsi üçün əməkdaşlıq və inklüziv fəaliyyət önəmlidir.

BMT-nin proqram rəhbəri Adriana Alberti vurğulayıb ki, dövlət qurumları ilə cəmiyyət əməkdaşlıq şəraitində çalışmalıdır.

Beynəlxalq ekspert Stefan Mergenhaler bildirib ki, son dövrlərdə yeni texnologiya sayəsində dövlət qurumları müsbət dəyişikliklər edə bilər. Müasir dünyada dəyişikliklər sürətlə gedir. Dünyada fəaliyyət göstərən beyin institutlarının hazırladığı layihələrdə prosesin dayanmadan inkişaf etdiyini deyən Stefan Mergenhaler əlavə edib ki, bu, sosial və iqtisadi sahələri daha çox əhatə edir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqtisadi idarəetmə ofisinin rəhbəri Faysal Naru bildirib ki, idarəetmə sistemində bir prinsip var ki, iqtisadçılar əldə olan vəsaiti hesablamalıdırlar. Siyasətçilər isə iqtisadçıların təqdim etdikləri rəqəmlərin düzgün idarəsini həyata keçirməlidirlər. Bu vəsait düzgün sərf edildikdə dövlət və cəmiyyət ortaq qazanc əldə etməlidir.

Avstraliyanın Kvinslend Universitetinin professoru Adil Xan qeyd edib ki, dövlət qulluğunda çalışarkən əsas məqsəd cəmiyyətə düzgün xidmət olmalıdır. Əməkdaşlıq şəraitində çalışdıqda problemlərin qarşısını almaq asan olur.

Finlandiyanın Sosial Təlim və İnkişaf Mərkəzinin direktoru Palvi Hirvola rəhbərlik etdiyi qurumun mövzu ilə bağlı reallaşdırdığı layihələr barədə məlumat verib. O bildirib ki, ölkəsində dayanıqlı inkişafla bağlı məsələlərin təbliği işi məktəblərdə aparılır. Bu məsələnin cəmiyyətdə tam yerini tutması üçün gələcək nəsillə iş aparılmalıdır.

Daha sonra seminar müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.