CƏMİYYƏT
Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi ilə əlaqədar qanun layihəsi təkmilləşdirilir
Bakı, 28 fevral, AZƏRTAC
Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli Sərəncamı ilə ayrı-ayrı dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla yaradılmış Əməyin ödənişi və dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması üzrə İşçi qrupunun iclası olub. İşçi qrupunun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyd edib ki, Prezidentin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə martın 1-dən minimum aylıq əməkhaqqının məbləğinin yaşayış minimumu səviyyəsinə (180 manat) çatdırılması mühüm sosial müdafiə tədbiridir. Minimum əməkhaqqının artımı ilə əlaqədar aylıq tarif (vəzifə) maaşları da artırılaraq tənzimlənməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsindən bəhs edən nazir müavini diqqətə çatdırıb ki, layihə dövlət qulluqçularının əməyinin ödəniş sisteminin yeni yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun dövlət qulluğunun xüsusi növü istisna olunmaqla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluğunda qulluq keçən dövlət qulluqçularının əməyinin ödənilməsinin qaydaları, şərtləri və məbləğlərini müəyyən edəcək. Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi ilə bağlı layihə hazırda rəy və təkliflər əsasında təkmilləşdirilir.
“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsinin məqsədi, əhatə dairəsi, əməyin ödənilməsi sisteminin tətbiqi və əməyin ödənilməsi sisteminin strukturu barədə ətraflı məlumat verilib.
İşçi Qrupunun iclasında minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan və əməkhaqları Vahid Tarif Cədvəli ilə tənzimlənən işçilərin aylıq tarif (vəzifə) maaşlarının artırılaraq tənzimlənməsi və yeni qanun layihəsinin təkmilləşdirilməsi barədə məsələlər müzakirə olunub.