REGİONLAR
“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib
Naxçıvan, 11 fevral, AZƏRTAC
Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda keçirilən seminarda səsləndirilib.
Seminarda komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək qeyd edib ki, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətlərində səmərəliliyin və şəffaflığın artırılması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi məqsədilə 2007-ci il mayın 31-də “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış qaydalarına əməl edilməsinə nəzarəti əsasnaməsinə uyğun olaraq həyata keçirir. Bugünkü seminarın məqsədi qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.
Sonra komissiyanın şöbə müdiri Mahir Abbasov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.