CƏMİYYƏT
Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması sahəsində tədbirlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə rəhbər vəzifəli şəxslər üçün dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlimlərə start verilib.
Nazirlər Kabinetinin “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2021-ci il aprelin 6-da verilən Qərara əsasən “Xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda əməkdaşlar üçün onlayn təlim keçirilib. Təlimdə agentliyin Aparatında və onun regional bölmələrində çalışan rəhbər vəzifəli şəxslər iştirak edib.
Təlimdə xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə meyarları və qaydaları, qiymətləndirmə üzrə tapşırıqların müəyyən edilməsi, qiymətləndirmə nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirmə zamanı yarana biləcək problemlər və həmin problemlərin həlli yolları ilə əlaqədar iştirakçılara ətraflı məlumat verilib.
Təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.