REGİONLAR
Dövlət qulluqçularının peşə bayramı cənub bölgəsində də qeyd olunub
Masallı-Lerik, 23 iyun, Bağır Əliyev, AZƏRTAC
Dövlət qulluqçularının peşə bayramı ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallıda keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində dövlət qulluqçuları səylə çalışır, Vətənə, cəmiyyətə layiqincə xidmət edirlər.
Masallı rayonunda çalışan dövlət qulluqçularının da rayonda siyasi sabitliyin, sağlam, işgüzar əhval-ruhiyyənin təmin olunmasında əməyinin böyük olduğunu vurğulayan icra başçısı ölkəmizdə dövlət qulluqçularının hazırlanmasına, iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq qayğı göstərildiyini, işdə fərqlənən kadrların əməyinə yüksək qiymət verildiyini diqqətə çatdırıb.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, Türkoba kənd ərazi üzrə nümayəndəsi Leyla Əzizova, Masallı Regional Dövlət Kollecinin müəllimi, "Dövlət qulluğunda fərqlənməyə görə" medallı Baba Həsənov, Masallı “ASAN xidmət” Mərkəzinin əməkdaşı Teymur Həsənov, rayon ağsaqqallar şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyev çıxış edərək bildiriblər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.
Sonda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
* * *
Lerik Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə dövlət qulluqçularının rayonun ictimai-siyasi, sosial və mədəni həyatındakı fəaliyyəti yüksək qiymətləndirilib.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşıyev dövlət qulluğunda çalışanları peşə bayramı münasibətilə təbrik edərək ölkəmizdə dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.
Diqqətə çatdırılıb ki, dərindən düşünülmüş və elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanması və icrasının təmin edilməsi, Azərbaycanın yüksək iqtisadi sıçrayışına və stabil inkişafına etibarlı zəmin yaradan nəhəng quruculuq işləri hər bir vətəndaşımızda qürur hissi yaradır.
Toplantıda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, təqaüddə olan dövlət qulluqçuları Qəhrəman Əliyev və İdris Şıxəliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin sədri Ələkbər Salayev və Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərənlərin bir qrupuna fəxri fərmanlar və hədiyyələr verilib.