CƏMİYYƏT
Dövlət qulluqçusu dövlətin idarəetmə sisteminin güzgüsüdür
Bakı, 23 iyun, AZƏRTAC
Suraxanı rayonunda 23 iyun - dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib.
Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. İcra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, artıq 12-ci ildir dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. 2000-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Dövlət qulluğu haqqında” Qanun əsasında Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmiş həmin peşə bayramı bu mühüm sahədə çalışan şəxslərə hər il böyük sevinc bəxş etməklə yanaşı, həm də dövlət qulluqçularının bütün xalq qarşısında mənəvi hesabatına çevrilib. Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndərin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olub və daim nümunə olaraq qalacaq. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır.
Qeyd edilib ki, Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizdə dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. “Biz xalq üçün çalışırıq, xalq üçün yaşayırıq və işləyirik” prinsipini əsas fəaliyyət kredosu kimi qəbul edən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu öz praktiki işləri ilə sübut edən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə qazandığı nailiyyətlər bütün dünyanı heyrətə gətirir. Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir dövlət qulluqçusunun müqəddəs borcudur. İcra başçısı, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinin hər birimiz üçün nümunə olduğunu vurğulayıb.
Rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, dövlət qulluqçularının fəaliyyətinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsipləri və bu günün tələbləri baxımından onların qarşısında duran vəzifələri Prezident İlham Əliyev daha da genişləndirib və konkretləşdirib. Dövlətimizin başçısı öz çıxışlarında dövlət qulluğunun mahiyyətini, məzmununu və dövlət qulluqçularının qarşısında qoyulan əsas tələbləri aydın göstərib və bu vacib sahəni daim diqqət mərkəzində saxlayır. Dövlət qulluqçusu dövlətin idarəetmə sisteminin güzgüsüdür və bu güzgünün şəffaf, ləkəsiz olması hər bir dövlət qulluqçusunun hərəkətlərindən, davranışından, prinsipiallığından, mənəvi keyfiyyətlərindən çox asılıdır.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov, rayon məhkəməsinin hakimi Zülfüqar Sadıqov, icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Altun Quliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Suraxanı rayon təşkilatının sədri Adil Quliyev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik ediblər.
Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə, ictimai-siyasi həyatda fəal iştirakına görə rayonun bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim edilib.