ELM VƏ TƏHSİL
Dövlət qulluqçusu olmaq istəyənlər sabah sınaq imtahanı verəcəklər
Bakı, 21 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 22-də keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat noyabrın 22-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.