CƏMİYYƏT
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
Şamaxı rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələrində (baş idarələrində) çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün regionlarla iş və kadrlar şöbəsinin əməkdaşları tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, təlimdə nazirliyin əməkdaşları, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Zərdab rayonlarının gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin Regionlarla iş və kadrlar şöbəsinin məsləhətçisi Ağahüseyn Hüseynov təlimin keçirilməsində əsas məqsədin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin yeni Qaydaya uyğun olaraq həyata keçirilməsinin təmin edilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları formalaşdırmaqla dövlət orqanının fəaliyyətində səmərəliliyin artırılması olduğunu bildirib.
Sonra təlimdə qiymətləndirmənin təşkili, bu prosesin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların müəyyən edilməsi, habelə qiymətləndirmə meyarları haqqında məlumat verilib. Həmçinin mövzuya dair slayd nümayiş olunub və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.