CƏMİYYƏT


Dövlət qurumlarının informasiya resursları etibarlı mühafizə olunur

Dövlət qurumlarının informasiya resursları etibarlı mühafizə olunur

Bakı, 1 aprel, AZƏRTAC

“Zimbra” mail xidmətinə rəqib olan “Proofpoint” şirkətinin açıqladığı hesabatda Rusiyanın “Winter Vivern” adlı kiberqruplaşmasının “Zimbra Collaboration” serverlərində tapılan CVE-2022-27926 nömrəli boşluq vasitəsilə bir sıra ölkələrdə kiberşpionaj əməliyyatları etdiyi iddia olunur.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin hesabatda Azərbaycanın da hədəflər arasında olduğu qeyd olunsa da, bu hədəflərə qarşı kiberşpionajın uğurlu və ya uğursuz olması barədə heç bir məlumat verilməyib.

XRİTDX tərəfindən dövlət qurumlarının istifadəsi üçün yaradılmış elektron poçt xidməti “Zimbra” platforması üzərində qurulmayıb. Hazırda Xidmət tərəfindən 250 dövlət qurumunun 500-dən çox domeni üzrə 30 minə yaxın istifadəçisinə xidmət göstərilir. Mühafizə olunan mərkəzləşdirilmiş elektron poçt xidmətindən istifadə etməyən digər dövlət qurumlarının bu şəbəkəyə inteqrasiyası cari ilin sonuna kimi başa çatdırılacaq.

Xidmət tərəfindən qurulan mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daim izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür.

Ümumilikdə isə dövlət qurumlarına qarşı kiberhücumlar daim həyata keçirilir. Bunların arasında kiberşpionaj məqsədilə saxta domenlərin yaradılması və hesabların ələ keçirilməsinə cəhd halları da müşahidə olunur. Ötən il XRİTDX-nin mütəxəssisləri tərəfindən aparılan kiberkəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domenin yaradılması halları müəyyən edilib, onların hələ hazırlıq mərhələsində bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.