İQTİSADİYYAT
Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək
Bakı, 31 iyul, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə sahibkarlar üçün avqustun 6-da dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, dövlət satınalmalarını təşkil edən və həyata keçirən aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə keçiriləcək tədbirdə kiçik və orta biznes (KOB) subyektləri satınalma prosedurlarına qoşulma, bu istiqamətdə həyata keçirilən islahatlar, tender müsabiqələri ilə bağlı tətbiq edilən yeniliklər, qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalar barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaq.
Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 636405571) - kompüter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/636405571 linkinə daxil olmaqla; “iPhone” və “Android” vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.
Agentliyin ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarların tədbirə qoşulması üçün dəstək göstəriləcək.