CƏMİYYƏT
Dövlət sərhədindən narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 23 may, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidməti (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 23-də saat 00:20 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində bir nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və nəzarətə götürülüb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 01:40 radələrində Cəbrayıl–Horadiz avtomagistralının yaxınlığında sərhədboyu ərazidə yüksək sürətlə hərəkət edən qara rəngli “Mersedes E190” markalı 90-DJ-159 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.
Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Məmmədov Nahid Şirzad oğlunun idarə etdiyi avtomobilə baxış zamanı iki bağlamanın içərisində təxmini çəkisi 11 kiloqram 885 qram narkotik vasitə marixuanaya bənzər maddələr və “Millionaire” markalı 5 ədəd spirtli içki aşkarlanaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.