CƏMİYYƏT
Dövlət sərhədini pozan şəxslər saxlanılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb. İlkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazisini tərk edərək İran İslam Respublikasına getməsı, barəsində cinayət işinin aparılması və 2017-ci ildən etibarən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.
Oktyabrın 17-də “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçirilərkən daxili orqanlarından 630 qram narkotik vasitə aşkarlanaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində DSX-nin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan Azərbaycan vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.
Oktyabrın 18-də Xaçmaz rayonunun Yalama kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araşdırma zamanı sərhəd pozucusunun barəsində cinayət işinin aparılması və 2012-ci ildən etibarən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.
Hər üç cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.