CƏMİYYƏT
Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin dövlət sərhədindən növbəti dəfə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində alınıb.
Fevralın 22-də saat 23:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən sərhəd zastavasının yaxınlığında bir nəfərin özünü şübhəli aparması və ətrafda müşahidə aparması sərhəd naryadının diqqətini cəlb edib.
Ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Onun Qəbələ rayon sakini 1996-cı il təvəllüdlü Abbasov Murad Xaləddin oğlu olması müəyyənləşdirilib. Həmin şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 74 qram narkotik vasitəyə (3 kiloqram 520 qram tiryək, 554 qram marixuana, 200 ədəd “Metadon-40” həbi) bənzər maddə və 50 qutu “Mydrax” dərman preparatları aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.